Bakıda dindar kişi xanımını və özünü ölümcül yaraladı
19 Aprel 2011 Çərşənbə Axşamı 12:08
Qanlı hadisəyə səbəb isə yenə də ərin qısqanclığı olub...
Bakının Suraxanı rayonunda gənc qadın ölümcül bıçaqlanıb. Milli.Az-ın məlumatına görə, qanlı hadisə aprelin 17-də Qaraçuxur qəsəbəsi, şərq massivi dalan 32-də qeydə alınıb.
Həmin ünvandakı qeydiyyatsız evlərdən birində kirayə yaşayan Fərhad Məhərrəmov qeyri-rəsmi yaşadığı 27 yaşlı Balakən sakini Lalə Laçınovanı ölümcül yaralayıb. O, gecə saatlarında yaranmış münaqişə zamanı L.Laçınovaya 4 bıçaq zərbəsi vurub. Sonra isə intihar məqsədilə bıçaqla özünə ağır xəsarət yetirib.
Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, xırda ticarətlə məşğul olan Fərhad Məhərrəmov və Lalə Laçınova dindardırlar, ibadətlə məşğul olurlar. Onların arasında rəsmi nigah olmasa da, molla kəbini ilə yaşayırlar. İlkin dindirmə zamanı F.Məhərrəmov xanımını qısqanclıq zəminində bıçaqladığını deyib.
Xəsarətlər ağır olduğundan F.Məhərrəmovun əməli ölümə sui-qəsd kimi qiymətləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd (29,120.1-ci) maddəsi ilə iş açılıb və toplanmış materiallar Suraxanı rayon Prokurorluğuna göndərilib.
DOSTLARINLA PAYLAŞ: