Bakıda bir-birinə dəyən 3 avtomobil 2 piyadanı əzib
24 Yanvar 2011 Bazar Ertəsi 06:40
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib, piyadalar isə yüngül xəsarət alıb.
Ötən gecə Binəqədi-Xırdalan yolunda bir neçə avtomobilin toqquşması və iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza Binəqədi rayanu Rəfael İsmayılov küçəsində qeydə alınıb.
Məlumata görə, Binəqədi istiqamətində hərəkət edən İmanov Xaləddin Rəşid oğluna məxsus “Opel” markalı avtomaşın yolda manevr etməyə çalışan Abdullayev Yusif Bəylər oğluna məxsus “Bmw” markalı maşınla toqquşub. “Opel” daha sonra İsmayılov Asəf İsmayıl oğluna məxsus yol kənarındakı “Mercedes” markalı avtomaşına çırpılıb.
Bundan başqa hadisə baş verən an yolu keçməyə çalışan Əliyeva Aydan və Məmmədov Elvin də qəza nəticəsində xəsarət alıblar. Onlar dərhal 1 saylı şəhər xəstəxanasına çatdırılıblar. Yaraları yüngül olan hər iki şəxsə lazimi tibbi yardım göstərildikdən sonra isə ambulator müalicəyə göndəriliblər.
Qeyd edək ki, qəza nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib. Maşınların cərimə meydançasına aparılması üçün isə əraziyə evakuatorlar cəlb edilib.
Hadisənin təfərrüatlarının araşdırılması isə Binəqədi rayon polis idarəsinin əməkdaşlarına həvalə edilib. İşi araşdıran müstəntiq Xəqani Cəfərov ANS-ə verdiyi açıqlamasında ilkin versiya kimi qəzanın yol hərəkəti qaydalarına düzgün riayət edilməməsi nəticəsində baş verdiyini bildirdi. Hadisənin daha dəqiq səbəbi isə iş üzrə təyin ediləcək avtotexniki ekspertizanın verəcəyi yekun rəydən sonra bəlli olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: