Bakıda ana 6 aylıq qızını qonşuya verib qaçdı
13 Mart 2012 Çərşənbə Axşamı 12:00
Körpə qız 1 saylı uşaq evinə göndərilib.
Martın 12-də Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinə maraqlı müraciət daxil olub. Lent.az-ın məlumatına görə, Pirallahı qəsəbəsindəki Süleyman Bağırov küçəsi, ev 50-də yaşayan 1964-cü il təvəllüdlü Əsgərova Nina İvanovna müraciət edərək bildirib ki, qonşuluqda yaşayan qadın 6 aylıq qız uşağını ona verərək qaçıb. N.Əsəgrova bildirib ki, təxminən 1 ay əvvəl qonşuluqda kirayədə yaşayan Tamara adlı qadın onun evinə gəlib. Həmin qadın təcili işinin olduğunu bildirib və 6 aylıq körpəsini yarım saat müddətinə saxlamasını xahiş edib. N.Əsgərova da xahişi qəbul edib. Lakin qonşuluqda kirayə yaşayan qadın bir daha qayıtmayıb. N.Əsgərova onu axtarsa da, tapa bilməyib. Nəhayət hadisədən 1 ay sonra polisə məlumat vermək qərarına gəlib.
Məsələ ilə bağlı polisə məlumat verilən kimi, uşağın səhhətinin yoxlanılması üçün həkimlər dəvət olunub. Xəzər rayon Polis İdarəsində 6 aylıq qızı Bakı şəhər Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil verilib.
Səhhətində hər hansı ciddi problem aşkarlanmayan körpə qız 1 saylı uşaq evinə göndərilib.
DOSTLARINLA PAYLAŞ: