Bakıda ana 6 aylıq oğlunu küçəyə atdı
    12 Yanvar 2011 Çərşənbə 11:45
    Uşaq binanın girişində tapılıb.
    
                	 
    
         Bakının Xətai rayonunda atılmış körpə tapılıb. Uşağı ötən gün saat 17:15 radələrində Gəncə prospekti ev 54, mənzil 111-də yaşayan Kamran Eldar oğlu Qocayev görüb. Dərhal bu barədə polisə məlumat verilib. 
Hadisə yerinə gələn Xətai rayonu 36-cı polis bölməsinin əməkdaşları körpəni Xətai rayonu Gəncə prospekti 54 saylı binanın 8-ci girişində paltarları və yanında uşaq yeməyi ilə birgə aşkar ediblər. Təcili tibbi yardım maşını vasitəsi ilə 1 saylı körpələr evinə gətirilən uşağın 6-7 aylıq olduğu güman edilir. 
İlkin ehtimala görə, oğlan uşağı anası tərəfindən binanın girişinə atılıb. Körpəni tapan Eldar Qocayev uşağın bir qadın tərəfindən bura qoyulduğunu gördüyünü bildirib. 
1 saylı uşaq evinin baş həkimi Nəhayət Əliyevanın ANS-ə verdiyi məlumata görə, körpə tapılanda çox natəmiz vəziyyətdə olub. Lakin onun üzərində zorakılıq əlamətləri olmayıb: “Buna baxmayaraq yenə də körpəni müayinə olunmaq üçün kliniki xəstəxanalarımızdan birinə göndərəcəyik. Uşaq sonra geri - körpələr evinə qaytarılacaq”.
Əgər uşağın valideynləri körpələrinə sahib çıxmasalar, bu zaman o, 3 yaşına qədər bu uşaq evinin sakininə çevriləcək. 
Xətai rayonu 36-cı polis bölməsində artıq faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: