Bakıda alıcıları aldadan daha bir mağaza aşkarlanıb
28 Sentyabr 2011 Çərşənbə 18:01
"Bayrama özəl 70% endirim" sözləri yazılan mağazada satılan 9 çeşiddə geyimlərin heç birinin qiymətinə endirim tətbiq edilməyib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkədə “Endirim kampaniyası” adı altında istehlakçıları aldadan sahibkarlarla mübarizəsini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 13 ünvanında Araz Əliyevə məxsus mağazada aparılan yoxlama zamanı istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə, istehlakçıların aldadıldığı müəyyən olunub.
Belə ki, mağazanın ön tərəfindəki pəncərələrdə iri hərflərlə "Bayrama özəl 70% endirim" sözləri yazılsa da, mağazada satılan 9 çeşiddə geyimlərin heç birinin qiymətinə endirim tətbiq edilmədiyi, 8 çeşiddə geyimlərin qiymətlərinə isə mağaza işçiləri tərəfindən endirim tətbiq olunduğu bildirilsə də, həmin geyimlərin etiketlərinin üzərində endirim barədə məlumatların qeyd edilmədiyi aşkar olunub.
Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində mağazanın pəncərələrində yerləşdirilmiş istehlakçıların seçmə sərbəstliyinə təsir göstərməklə, istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiq reklamın yayımı dayandırılıb.
Araşdırmalar davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: