Bakıda 8 günlük körpə küçəyə atıldı
05 Dekabr 2011 Bazar Ertəsi 10:17
Körpənin kim tərəfindən atıldığı məlum deyil.
Bakının Nəsimi rayonu ərazisində atılmış uşaq tapılıb. ANS TV-nin məlumatına görə, təxminən 8 gün öncə dünyaya gələn oğlan uşağının kim tərəfindən atıldığı məlum olmasa da, şahidlər onu 1 saylı xəstəxananın həyətində aşkar ediblər. Bələyə bükülü körpə sonradan xəstəxanaya gətirilib və ilkin yardım olunub.

Şahidlər onu taparkən körpənin vəziyyəti normal olub və onun səhhətilə bağlı heç bir problem olmayıb. Bundan sonra ərazi üzrə Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə məlumat verilib. Polis əməkdaşları da xəstəxanaya gələrək faktla tanış olublar. Şahid ifadələri alınıb. Uşağın valideynlərinə gəlincə, tapılan zaman onun qolunda anasının adı, soyadı, uşağın doğum çəkisi və doğum tarixi yazılmış bir kağız da olub.

8 günlük körpə sonradan Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına göndərilib. Karantin müddəti bitdikdən və səhhəti tam yaxşılaşdıqdan sonra uşağın paytaxt ərazisindəki uşaq evlərindən birinə veriləcəyi güman olunur.

Qeyd edək ki, faktla bağlı araşdırmalar aparılır. Polis uşağını bayırda qoyub qaçan valideynlərin müəyyən edilməsi üçün araşdırmalarını davam etdirir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar