Bakıda 7 qat ölkə çempionunu öldürən şəxslər tutulub
24 Yanvar 2011 Bazar Ertəsi 12:30
Faktla bağlı istintaq aparılır.
Bakıda qətl hadisəsi törədən şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, yanvarın 22-si saat 01 radələrində Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində Samir Ağayev bədənin müxtəlif yerlərindən balta ilə aldığı xəsarətlər nəticəsində 3 saylı xəstəxanaya yerləşdirilib və orada ölüb.
Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin Yasamal və Sabunçu rayon Polis İdarəsi və 13-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə təqsirli bilinənlər, Bakı şəhər sakinləri Rasim Mirzəyev və Nemət Cəfərov yanvarın 23-də tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, Bakıxanov qəsəbəsi ərazisindən qəsəbə sakini Samir Ağayev yanvarın 22-də saat 01.50 radələrində balta xəsarətləri ilə xəstəxanaya gətirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, yaralı orada ölüb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, S.Ağayev alpinizm və karate üzrə 7 qat ölkə çempionudur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: