Bakıda 40-ı çıxmamış körpə küçəyə atıldı
30 Sentyabr 2011 Cümə 14:26
Elmi-tədqiqat pediatriya institutuna atılmış 1 aylıq körpənin valideynləri tapılmayıb.
Naməlum şəxs səhər saatlarında Bakıda Elmi Tədqiqat Pediatriya İnstitunun əsas binasının foyesinə 1 aylıq körpə atılıb. ANS TV-nin məlumatına görə, 40-ı belə çıxmamış qızcığazı xəstəxananın təsərüfat şöbəsinin müdiri görüb. Balacanı qəbul edən şöbənin həkimi Nərgiz Babayeva dərhal ərazidəki Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə məlumat verib.
Bölmənin əməkdaşları xəstəxanaya gələrək müvafiq tədbirlərini görüblər. Bundan sonra isə balaca yuyundurulub və şöbəyə yerləşdirilib. Balaca tapılarkən yanında bir neçə təmiz paltarla yanaşı yemək, bez, hətta yemək şüşəsi də olub.
Baş həkim Tamella Şahbazova deyir ki, körpənin üzərində hər hansı bir sənəd olmasa da onun büküldüyü örtük anasının tapılmasını tezləşdirə bilər. Çünki bu, doğum evlərində verilən örtüklərdəndir və örtüklər respublikanın hər bir doğum evində fərqli rəngdə olur. Yəni buna əsasən körpənin hansı doğum evində dünyaya gəldiyini və kimin övladı olduğunu tapmaq mümkündur.
Hələliksə axtarışlar bir nəticə verməyib. Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi körpənin valideynlərini axtarmaqda davam edir. Bölmədən dedilər ki, körpənin valideynləri tapılmadığı təqidərdə o, körpələr evinə təhvil veriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: