Bakıda 39 yaşlı qadının qətlinin üstü açıldı
25 Yanvar 2011 Çərşənbə Axşamı 01:40
Qətli törətməkdə qadının 18 yaşlı qohumu şübhəli bilinir.
Ötən gün Bakının Suraxanı rayonunda törədilmiş qətl hadisəsinin üstü açılıb. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 39 yaşlı Ərkinaz Həsənovanı qətlə yetirməkdə şübhəli bilinən məcburi köçkün, 18 yaşlı Heydərov Elvin Xudaverdi oğlu saxlanılıb. Araşdırmalar zamanı onun Ərkinaz Həsənovanın qohumu olduğu müəyyən edilib. Şübhəli şəxsin ilkin ifadəsində qətli şəxsi münaqişə zəminində törətdiyini etiraf etdiyi bildirilir.
Xatırladaq ki, yanvarın 24-də səhər saatlarında Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. Zığ qəsəbəsində məcburi köçkünlərin yaşadığı yataqxanada 39 yaşlı Ərkinaz Həsənova naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətlə yetirilən şəxsin içində pul və mobil telefon olan çantası da naməlum şəraitdə yoxa çıxıb.
Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: