Bakıda 16 yaşlı avtobus sürücüsü qəza törətdi
20 Dekabr 2011 Çərşənbə Axşamı 22:58
Suraxanıda baş vermiş hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 4 maşın əzilib.
Bakının Suraxanı rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. Yeni Günəşli qəsəbəsindən Qaraçuxur qəsəbəsi istiqamətinə hərəkət edən 50 saylı marşrut avtobusunun sürücüsü sürəti tənzimləyə bilmədiyindən, qarşısına keçən 4 maşını əzib və yoldakı avtomobillərdən birinə çırpılaraq dayanıb. Nəticədə avtobusda olan 5 sərnişin xəsarət alıb.
Avtobusu idarə edən sürücü isə qəzadan sonra hadisə yerindən yayınıb. İşi araşdıran Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi Fikrət Rzayevin sözlərinə görə, artıq avtobusu idarə edən sürücünün kimliyi müəyyənləşib.
1995-ci il təvəllüdlü Nurlan adlı şəxs valideynləri ilə birlikdə polis bölməsinə gəlib izahat verəcək. Hadisənin başvermə səbəblərinə gəlincə, Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, ilkin olaraq qəzanın əyləç sistemindəki nasazlıqdan baş verdiyi ehtimal olunur.
Konkret nəticə isə təyin olunmuş avtotexniki ekspertizanın rəyindən sonra bilinəcək. Bundan başqa, avtobusun sürücüsü hadisə yerindən qaçdığına görə, barəsində cinayət işinin açılacağı da istisna olunmur.
DOSTLARINLA PAYLAŞ: