Bakı-Şamaxı yolunda bir günün ağır nəticəsi: 4 qəza, 8 yaralı
04 Yanvar 2012 Çərşənbə 00:48
Yolun qarlı və buzlu olması qəzaların sayını artırıb.
Ötən gün ərzində Bakı-Şamaxı yolunun 95-96-cı kilometrliyində və Qobustan rayonu ərazisində 4 yol nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.

Güclü qar yağması səbəbindən Bakı-Şamaxı yolu ilə avtomobil hərəkəti məhdudlaşdırılıb.
Dövlət Baş Yol Polisi istintaq və tədqiqat idarəsinin müstəntiqi Rafiq Həsənovun APA-ya verdiyi xəbərə görə, səhər saatlarında yolun 95-ci kilometrliyində 1986-cı il təvəllüdlü Səid Qarayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil qarşıdan gələn 1987-ci il təvəllüdlü Əhməd Həsənovun idarə etdiyi “VAZ 2107” markalı maşınla toqquşub. Sürücülər ilə birgə maşınlarda olan sərnişinlər: 2009-cu il təvəllüdlü Zəhra Həcətova, 1962-ci il təvəllüdlü Qızbahar Mahmudova, 1969-cu il təvəllüdlü Afaq Xələfova müxtəlif dərəcəli xəsarət alaraq Qobustan rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Bundan başqa, yolun 95-ci kilometrliyində “VAZ 2107” markalı avtomobil “Mitsubishi Pajero” maşını ilə toqquşub. Eləcə də ayrı-ayrı vaxtlarda iki minik maşını yoldan çıxaraq aşıb. Bu qəzalarda 3 nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polis İdarəsindən bildiriblər ki, baş vermiş yol-nəqliyyat hadisələrinə yolun qarlı və buzlu olması səbəb olub. Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar