Bakı sakini evinə gələn qonağı ölümcül bıçaqladı
10 Fevral 2011 Cümə Axşamı 11:55
Hadisə içki məclisində olub
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis-leytenantı Vəli Cəfərovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə fevralın 9-u saat 02:30 radələrində Pirallahı qəsəbəsində baş verib.

Qəsəbə sakini 46 yaşlı Fariz Həsənağa oğlu Canağayev tanışı, 27 yaşlı Arkadiy Panomarenko Vitalyeviçə çoxsaylı bıçaq xəsarətləri yetirərək onu ölümcül bıçaqlayıb. Yaralı dərhal 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Polis bölməsi əməkdaşlarının keçirdiyi operativ əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Pirallahı sakini F.Canağayev saxlanılaraq rayon Prokurorluğuna təhvil verilib.

İlkin dindirilmə zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.

Hadisədən əvvəl iki dost Canağayevin evinə gələrək orada yeyib-içiblər. Sərxoş dostların sözü sonradan düz gəlməyib və tərəflər arasında mübahisə yaranıb. Nəticədə mətbəx bıçağına əl atan Fariz özündən 19 yaş kiçik Arkadiyə çoxsaylı bıçaq zərbələri endirib.

Rayon Prokuroluğudan ANS PRESS-ə verilən məlumata görə, faktla bağlı AR Cinayət Məcəlləsinin 29,120-ci (Qəsdən adam öldürmə, Cinayət etməyə cəhd Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmadıqda) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar