Badamdarlı gənс ondan ayrılmaq istəməyən qadını öldürdü
15 Sentyabr 2011 Cümə Axşamı 23:13
34 yaşlı evli qadın 30 yaşlı gənci gizli münasibətləri barədə arvadına xəbər verəсəyi ilə hədələyirmiş
Səbail rayonunda bir qadın qətlə yetirilib. Hadisə Badamdar qəsəbəsində, Nurəddin Paşayev və Cəmil Hasilov küçələrinin kəsişdiyi yerdə törədilib. Dünən təxminən axşam saat 23.00 radələrində gediş-gəlişin az olduğu həmin yerdə 30 yaşlı Nəcəfov Oqtay Mehman oğlu yaxın münasibətdə olduğu 34 yaşlı Rzayeva İradə Teyyub qızını bıçaqlayıb. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Hadisənin baş verdiyi bu yer avtomobillərin o qədər də intensiv hərəkət etmədiyi, yəni sakit bir yerdir. Görünür, elə bu səbəbdən də Oqtay Nəcəfov dünyasını dəyişən İradə Rzayevanı heç kəsin görə bilməyəcəyi bu yerə gətirib.

Hadisəni törədən Oqtay Nəcəfov elə özü Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gələrək könüllü təslim olub. Qətlin təfərrüatlarını Səbail Rayon Prokurorluğu araşdırır.

Prokurorluqdan ANS-ə bildiriblər ki, Oqtay Nəcəfovla İradə Rzayeva ailəli olduqlarından, bir-biri ilə qeyri-rəsmi münasibətdə görüşürmüşlər. Qanlı hadisənin səbəbi kimi isə İradə Rzayevanın ondan ayrılmaq qərarına gələn Oqtayın ailəsinə gizli münasibətləri barədə xəbər verəcəyini deməsi göstərilir.

Bakı Şəhər prokurorunun köməkçisi Günel Əkbərova bildirib ki, faktla bağlı cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işinin başlanıldığını deyən G.Əkbərova qeyd edib ki, saxlanılan zaman Oqtay Nəcəfov törətdiyi cinayəti etiraf edib.

Hazırda faktla bağlı Səbail rayon prokurorluğunda cinayət işinin istintaqı davam etdirilir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar