Bacısının ərini qətlə yetirən Sumqayıt sakini tutulub
01 Avqust 2011 Bazar Ertəsi 23:35
Tərəfləri polis idarəsinə gətirən şikayət ərizəsi birinin həbsxanaya, digərinin isə o dünyaya yollanmasına səbəb olub
Qayın bacısının ərinə qənim kəsildi. Tərəfləri polis idarəsinə gətirən şikayət ərizəsi onların yollarını tamamilə bir-birindən ayırdı. Tərəflərdən biri həbsxanaya, digəri isə o dünyaya yol aldı.
Bu ilin iyulun 29-da Sumqayıt şəhərində İbadət Həsənovu qətlə yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Həsənovu qətlə yetirməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü Azər Tayıbov məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, saxlanılan şəxs mərhum İbadət Həsənovun qaynı olub. Hadisədən bir gün əvvəl isə Azər Tayıbovun bacısı əri İbabət Həsənovun onu incitməsi barədə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edib. İyulun 29-da tərəflər izahatlarının alınması üçün polis bölməsinə dəvət edilib. Bu zaman isə Azərlə mərhum İbadət Həsənovun bölmənin yaxınlığında mübahisə etməsi sonda qanlı hadisənin baş verməsi ilə nəticələnib.
Sumqayıt şəhər Prokurorluğunun böyük köməkçisi Pərviz Əliyevin sözlərinə görə, Azərin bacısı polisə müraciət edib: “Bununla əlaqədar olaraq 3-cü bölmədə araşdırma apaılması üçün hər iki təfər bölməyə dəvət edilib. Orada isə mübahisə zamanı Azər Tayıbov İbadət Həsənovu qətlə yetirib”.
Azər Tayıbov saxlanılandan sonra istintaqa verdiyi ilkin ifadəsi zamanı törətdiyi cinayəti etiraf edib. Üzərində gəzdirdiyi bıçaqla İbadət Həsənovu qətlə yetirən Azər Tayıbov barəsində Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: