“Azərsun”un işçiləri daşıyan avtobus dərəyə aşdı: 1 ölü, 13 yaralı
27 İyun 2010 Bazar 01:00
Avtobusu dərədən çıxarmaq üçün İsmayıllı-Muğanlı yoluna xüsusi texnika cəlb edilib.
Ötən axşam İsmayıllı-Muğanlı yolunda ağır yol qəzası baş verib. ANS PRESS “Trend”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 13 adam xəsarət alıb.
Hadisə saat 23.30 radələrində qeydə alınıb. Şahidlərin sözlərinə görə, “Azərsun” şirkətinə məxsus “Hyundai” markalı avtobus dərəyə düşüb. Avtobusdakı şirkətin istirahətdən qayıdan işçiləri olub. İlkin məlumata görə, avtobusun əyləc sistemində nasazlıq yaranıb.
Qəzanın baş verdiyi yerə təcili tibbi yardım briqadaları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları göndərilib. Avtobusun dərədən çıxarılması üçün xüsusi texnika cəlb olunub.
Yaralıların bir qismi xəstəxanalara aparılıb. Xəsarət alanların sayının artacağı istisna olunmur. Bu barədə dəqiq məlumat avtobus dərədən çıxarıldıqdan sonra olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: