Azərbaycanlıların Rusiyadakı "gecə sərgüzəştləri"
26 Avqust 2011 Cümə 16:19
Qonşu ölkədə basqın və avtomobil qaçırmaqda şübhəli bilinən iki həmyerlimiz saxlanılıb
Son günlər Rusiyada azərbaycanlılarla bağlı qeydə alınan xoşagəlməz hallar səngimək bilmir. Belə ki, ötən gün də həmyerlilərimizlə bağlı insidentsiz ötüşməyib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yerli polis əməkdaşları basqın və avtomobil qaçırmaqda şübhəli bilinən iki gənc azərbaycanlını saxlayıb.
Məlumata görə, 19 və 20 yaşlı gənc həmyerlilərimiz gecə klubunda istirahət etdikdən sonra şəhərdə gəzmək üçün taksi saxlayıblar. Sürücü onlardan haqqını istəyəndə isə “pulumuz yoxdur” deyə cavab veriblər. Vəziyyətin belə olduğunu görən sürücü sərnişinləri maşından düşürmək qərarına gəlib. Lakin gənclər üzərindəki bıçaqla kişiyə hədə-qorxu gəlməyə başlayıblar. Deyilənlərə görə, bu, taksi sürücüsünün rəsmi olaraq işə qəbul olunduqdan sonra ilk iş günü imiş.
Rusiya Daxili İşlər Nazirliyinin Qoloseyevsk rayon İdarəsinin rəisi Aleksandr Tereşukun sözlərinə görə, sürücü son anda maşından çıxa və hadisə yerindən qaça bilib.
“Sərnişinlər sürücünün açarları maşının üzərində qoymasından istifadə edərək “Chevrolet” markalı avtomobili qaçırmaq qərarına gəliblər. Lakin çox uzağa gedə bilməyiblər, dirəyə dəyib, maşını qoyub qaçıblar. Bir sutkadan sonra onlar ələ keçiblər. Oğlanlar sərxoş olduqlarını, nə etdiklərini xatırlamadıqlarını deyiblər. Onlardan biri tələbədir, digəri isə nə işləyir, nədə ki oxuyur”, - deyə idarə rəisi bildirib.
İndi gənc həmyerlilərimizi “gecə sərgüzəştinə” görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
DOSTLARINLA PAYLAŞ: