Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 3 nəfəri öldürməyə cəhddə təqsirləndirilən kikboksinq üzrə dünya çempionu Tural Əliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, 2008-ci ilin avqustunda Xaçmaz rayonunun Nabran qəsəbəsində fəaliyyət göstərən disko-barlardan birində istirahət edən Tural Əliyev, Sənan Dünyamalıyev və Cavid Ağalarovla təhlükəsizlik xidmətinin əməkdaşları arasında dava düşüb. Nəticədə T. Əliyev təhlükəsizlik xidmətinin Natiq, Mustafa və Adil adlı əməkdaşlarını bıçaqlayıb. Daha sonra o, hadisə yerindən qaçıb. S. Dünyamalıyev və C. Ağalarov həbs olunublar. Bir müddət axtarışda olan T. Əliyev Azərbaycandan kənarda yaxalanaraq ölkəyə gətirilib.
T. Əliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Proses şahid ifadələri ilə davam etdirilib.
Qeyd edək ki, T. Əliyev Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.5-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunur.
Sənan Dünyamalıyev və Cavid Ağalarov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 14 fevral 2010-cu il tarixli hökmü ilə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıblar.