Azərbaycanda vəzifəli şəxslərin evindən oğurluq edilib
23 Noyabr 2011 Çərşənbə 10:50
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının evinin təhlükəsizlik kamerası sındırılıb.
Azərbaycanın Göyçay rayonunda vəzifəli şəxslərin evindən oğurluq edilib. Göyçay Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, noyabrın 19-da rayonun 13 saylı Yol İstismar İdarəsinin rəisi Maarif Ağayevin mənzilindən 1 kompyuter, 700 manat, ov tüfəngi və qızıl-zinət əşyaları oğurlanıb.
Elə həmin gün onun qardaşı - Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin Göyçaydakı evinin təhlükəsizlik kamerası sındırılıb. Naməlum şəxs evə daxil olmaq istəsə də, bu mümkün olmayıb. Faktla bağlı polisə müraciət edilib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Ağayevin evinin təhlükəsizlik kamerasının görüntülərinə əsasən, evə girmək istəyən şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Göyçay Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşı, 1983-cü il təvəllüdlü Qazıyev Orxan İlham oğlu olduğu müəyyən edilib. Orxan Qazıyev noyabrın 22-də axşam saatlarında saxlanılıb. O. Qazıyevin mənzilindən oğurluq etdiyi Maarif Ağayevin kürəkəni olduğu bildirilir.
O. Qazıyev polisə ifadəsində qayınatasının evindən oğurluq etdiyini, onun qardaşı Mübariz Ağayevin evindən isə oğurluq etməyə cəhd göstərdiyini etiraf edib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Məlumatda o da bildirilir ki, O. Qazıyev uzun illər Azərbaycanın daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, Zaqatala, Biləsuvar rayonlarının polis rəislərinin müavini, Göyçay Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi işləmiş, hazırda isə təqaüddə olan İlham Qazıyevin oğludur.
Qeyd edək ki, O. Qazıyevin evindən oğurluq etməyə cəhd etdiyi Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev 2009-cu ilə qədər Göyçay rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
DOSTLARINLA PAYLAŞ: