Azərbaycanda tikinti şirkətinin məsul şəxsi həbs edildi
05 Yanvar 2012 Cümə Axşamı 14:07
Törədilmiş korrupsiya hüquqpozmaları ilə əlaqədar cinayət işlərinin istintaqı davam etdirilir.
Azərbaycanda tikinti şirkətlərindən birinin məsul şəxsi barədə cinayət işi açılıb. ANS PRESS-in Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "SNT-İnşaat" firması tərəfindən 2007-ci ildə paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yerləşən 239 nömrəli məktəbdə əlavə korpusun tikintisi zamanı tikinti normalarına əməl olunmaması və iş həcmlərinin artırılaraq dövlət vəsaitinin mənimsənilməsi barədə toplanan material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, "SNT-İnşaat" şirkətinin iş icraçısı Salman Cabbarov öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talama məqsədilə 2006-2007-cu illər ərzində tikintisi ona həvalə edilmiş 239 nömrəli orta məktəbin 840 şagird üçün əlavə korpusunun tikinti işlərini apararkən, həmin korpusun inşaası zamanı müxtəlif vaxtlarda 23.157 manat dəyərində artırılmış işlər barədə 2006 və 2007-cı illərin işin qəbulu aktlarına və 2 nömrəli arayışların məzmununa bilə-bilə yalan məlumatları daxil edib həmin sənədləri imzası ilə təsdiq edərək saxtalaşdırmış və iş həcmlərinin artırılması hesabına əldə etdiyi, qeyd olunan pul vəsaitini mənimsəmə yolu ilə talayıblar.

Törətdiyi cinayət əməllərinə görə Salman Cabbarova külli miqdarda mənimsəməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham elan olumuş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən müxtəlif sahələr üzrə törədilmiş korrupsiya hüquqpozmaları ilə əlaqədar cinayət işlərinin istintaqı davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar