Azərbaycanda şagirdinin ölümünə mantu sınağı səbəb olmayıb
15 Dekabr 2011 Cümə Axşamı 12:05
Şagirdin meyitinin ekspertiza zamanı onda şokla bağlı heç bir əlamət aşkar edilməyib.
Azərbaycanda peşə məktəbinin şagirdinin ölümü ilə bağlı ekspertizanın rəyi açıqlanıb. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev APA-ya açıqlamasında bildirib ki, Namiq Salmanovun ölümünə ona qoyulmuş mantu sınağı səbəb olmayıb. Belə ki, şagirdin meyitinin ekspertiza zamanı onda şokla bağlı heç bir əlamət aşkar edilməyib.
Ekspertizanın rəyinə görə, şagirdin ölümünə ağciyərlərində keçirdiyi interstitial pnevmoniyanın əlamətləri, metral qapağında revmatizm mənşəli zədələnmə, ürək əzələsinin hipertrubasiyası nəticəsində inkişaf edən kəskin ürək-ağciyər çatışmazlığı səbəb olub.
Qeyd edək ki, Lökbatan qəsəbəsində yerləşən 7 saylı peşə məktəbinin şagirdi, 1995-ci il təvəllüdlü Namiq Salmanov noyabrın 28-də peyvənd olunduqdan sonra poliklinikadan məktəbə qayıdarkən qəflətən yıxılıb və dünyasını dəyişib.
Hadisədən dərhal sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, şagirdə peyvənd vurulmayıb: “Ona vərəm çöplərinin mövcudluğuna dair mantu sınağı qoyulub. Mantu sınağı dəri altına cüzi miqdarda yeridilir. Bundan ölüm halının baş verməsi ehtimalı minimumdur”.
DOSTLARINLA PAYLAŞ: