Azərbaycanda şadlıq sarayında qətl
15 Fevral 2012 Çərşənbə 10:29
Davanı sakitləşdirmək üçün araya girən gənc bıçaqlanıb.
Şəmkir rayonunda gənc oğlan qətlə yetirilib. Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, Üzeyir Hacıbəyov küçəsi, ev 983-də yaşayan 26 yaşlı Xəqani Əsgərov mübahisə etdiyi 28 yaşlı həmyerlisi Elxan İbrahimovu bıçaqla qətlə yetirib.
Qanlı hadisə ötən gün saat 21:00 radələrində rayon ərazisində yerləşən “Qoşa çinar” şadlıq sarayının qarşısında törədilib. X.Əsgərov polis tərəfindən tutularaq istintaqa təhvil verilib.
Mübahisə “Qoşa çinar” şadlıq sarayının birinci mərtəbəsindəki çay evində başlayıb. Çayxananın müştəriləri arasında dava düşüb. Bu zaman davanı sakitləşdirmək üçün araya girən E.İbrahimov bıçaqlanıb.
“Qonşu stolda oturanlarla mübahisə düşdü. Elxan davanı sakitləşdirmək üçün araya girdi. Mən də ona "sən kimsən ki, araya girirsən" deyərək bıçaq vurdum”, - deyə saxlanılan Xəqani Əsgərov ifadəsində bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
DOSTLARINLA PAYLAŞ: