Azərbaycanda qəzet təsisçisi barədə çinayət işi başlanılıb
19 Avqust 2011 Cümə 12:02
O, 68.244 manata yaxın pulu vergidən yayındırıb
Azərbaycanda qəzet təsisçisi barəsində cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Mətbuat Şurasının "Qara Siyahısı"na daxil edilən "Gündəm xəbər" qəzetində şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşıldığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yayıldığına, "Jurnalistlərin peşə davranışı qaydaları"nın mütəmadi pozulduğuna görə müvafiq tədbirlər görülməsi barədə Şuranın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Araşdırmalar zamanı məlum olub ki, "Gündəm xəbər" qəzetinin təsisçisi Cəfəri Şirin Abbasqulu oğlu "Kütləvi informasiya vasitələri haqqında" Qanunun tələbləri kobud şəkildə pozulmaqla yanaşı, vergi qanunvericiliyinin tələblərinə də əməl etməyib. Vergi ödəyicisi kimi verginin hesablanması üçün zəruri olan hesabatlar tərtib olunmayıb, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu aparılmayıb, o cümlədən dərc olunmuş tirajın sayı göstərilməyib. Nağd pul hesablaşmalarının aparılması qaydaları pozulub və beləliklə külli miqdarda, yəni 68.244 manat məbləğində vəsait vergidən yayındırııb.

Faktla bağlı qəzetin təsisçisi Şirin Cəfəri barəsində Cinayət Məcəlləsinin 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar