Azərbaycanda ötən il yol qəzalarında 925 nəfər ölüb
19 Yanvar 2011 Çərşənbə 12:45
Qəzaların 42,3%-i nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.
Respublika Baş Dövlət Yol Polisi İdarəsi 2010-cu ildə Azərbaycanda baş verən yol qəzaları ilə bağlı hesabatını açıqlayıb. 2010-cu il ərzində Azərbaycanda Dövlət Yol Polisi əməkdaşları tərəfindən 965231 yol hərəkəti qanunlarının pozuntusu qeydə alınıb.
ANS PRESS-in Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu pozuntularda nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 21462, müəyyən olunan sürət həddinin aşılması üzrə 117152, ötmə qaydalarının pozulması üzrə 18143, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 54990, sərnişin daşıma qaydalarının pozulması üzrə 6319 fakt aşkarlanıb. Yol hərəkəti qaydalarının pozuntusuna görə 3506 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
Hesabat dövrü ərzində Respublika ərazisində 2721 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 925 nəfər həlak olub. Baş verən yol qəzalarında 2871 nəfər yaralanıb. Ötən illə müqayisədə yol hərəkəti pozuntularının sayı 71 (2,5%), həlak olanların sayı 5 nəfər (0,5%), yaralananların sayı 173 nəfər (5,7%) azalıb.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Yol Post Patrul Xidmətinin xidmət ərazisində hesabat dövründə 455 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 238 nəfər həlak olub, 489 nəfər yaralanıb. Ötən illə müqayisədə YNH-nin, həlak olanların 33 (6,8%) və yaralananların sayı 2 (0,8%) azalıb.
2010-cu ildə Bakı şəhəri ərazisində 1119 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzaların nəticəsində 342 nəfər həlak olub, 1115 nəfər yaralanıb. 2009-cu illə müqayisədə yol nəqliyyat hadisələrinin və yaralananların sayı uyğun olaraq 40 (3,5%) və 126 (10,2%) azalıb. Həlak olanların sayı isə 17 (5,2%) artıb.
Respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin 93,1%-i (2534) sürücülərin yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib. O cümlədən 42,3%-i (1150) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,6%-i (642) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 7,4 %-i (203) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,4%-i (65) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 39,8%-ni (1084) piyadaların vurulması təşkil edib. Nəticədə 333 piyada həlak olub, 837-i yaralanıb. 99 YNH-si piyadaların YHQ pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınan yol nəqliyyat hadisələri nəticəsində 76 nəfər uşaq və yeniyetmə həlak olub, 270 nəfər yaralanıb. Həlak olanların 43, yaralananların isə 163 nəfəri piyadalardır. Ümumiyyətlə qeydə alınan qəzalar nəticəsində həlak olan 925 nəfərdən 744-ü kişi, 181-i qadınlardır. Xəsarət alan 2871 nəfərdən isə 2131-ni kişilər, 740-nı qadınlar təşkil edir.
2010-cu ildə DYP əməkdaşları tərəfindən axtarışda olan 21 nəfər yaxalanıb, 11 ədəd Kalaşnikov avtomat, 8 ədəd tapança, 2 ədəd “TOZ” markalı tüfəng, 5 ədəd ov tüfəngi, 5 ədəd əl qumbarası, 2814 ədəd müxtəlif kalibrli patron, 18 ədəd müxtəlif tip silah darağı və s. aşkar edilərək istintaq orqanlarına təhvil verilib.
2010-cu il ərzində polisin digər xidmətləri ilə birgə 50 fakt üzrə 45,739 kq narkotik maddə aşkar olunub. Bu müddət ərzində BDYPİ-nə nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə 160 məlumat daxil olub ki, onlardan 148-i tapılmış, açılma faizi 92,5 % təşkil edib. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 30 nəfər şəxs və 81 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 346 fakt aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: