Azərbaycanda hacılar qəzaya uğrayıb
10 Dekabr 2010 Cümə 16:10
Xəsarət alan olmasa da, avtobusa ciddi ziyan dəyib
Rusiya Fedrasiyasının Dağıstan Respublikasından olan hacıları Həcc ziyarətindən geri gətirən mikroavtobus Astara rayonunda yol-qəzasına düşüblər. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə ötən gün saat 16:40 radələrində Ələt-Astara magistral yolunun 205-ci kilometrliyində, Astara rayonun Telman kəndi ərazisində baş verib.
Dağıstan Respublikasının vətəndaşı 37 yaşlı Məhəmmədşakir Kərimov idarə etdiyi "Qazel" markalı sərnişin mikroavtobusu ilə Ələt istiqamətində hərəkətdə olan zaman əks istiqamətdə hərəkət edən 28 yaşlı Lənkəran sakini Ceyhun Dadaşovun idarə etdiyi "Qaz-24" markalı avtomobillə toqquşub. Bu zaman QAZ 24 markalı avtomobil də zərbədən Lənkəran istiqamətində hərəkətdə olan Dağıstan Respublikası vətəndaşı 47 yaşlı Məhəmmədşakir Musayevin idarə etdiyi "Prado" markalı avtomobilə çırpılıb. Nəticədə hər üç maşına ciddi ziyan dəyib.
Qəza zamanı sürücü və sərnişinlərdən heç kim xəsarət almayıb. Hadisə şahidləri bildirib ki, qəzaya yüksək sürət səbəb olub.
İlkin ehtimala görə, hadisəyə Dağıstan Respublikası vətəndaşı Məhəmmədşakir Kərimovun idarə etdiyi "Qazel" markalı sərnişin mikroavtobusunu yüksək sürətlə idarə etməsi səbəb olub. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: