Azərbaycanda gələcəyin üç güləşçisi göldə boğuldu
17 İyun 2011 Cümə 10:33
Hadisə Cəlilabad rayonunda baş verib.
Cəlilabad rayonunda iki ailəyə birdən yas düşüb. Yeni Yaşayış massivində yaşayan 3 azyaşlı uşaq rayonun kənarındakı Mişarçay üzərindəki süni göldə çimərkən boğularaq ölüb.

ANS TV-nin məlumatına görə, uşaqların hər üçü rayondakı güləş məktəbində məşqlərdə iştirak etdikdən sonra adıçəkilən gölə gediblər. Amma üzə bilmədiklərindən məlum bədbəxt hadisə baş verib. Göldə çimən digər uşaqlar onlardan ikisinin meyitini sudan çıxarmağa müvəffəq olub. Digərinin meyitini isə tapa bilməyiblər. Bundan sonra hadisə yerinə gələn rayon hüquq-mühafizə orqanlarının əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Lənkəranda yerləşən Cənub Regional İdarəsinə müraciət edib. Köməyə gələn dalğıclar üçüncü uşağın da meyitini taparaq sudan çıxarıblar.

Bunlar 13 yaşlı Emin Əkrəm oğlu Alişanlı, 13 yaşlı Asif İlqar oğlu Zahidov və 10 yaşlı qardaşı Maqsud İlqar oğlu Zahidovdur.

Uşaqların cəsədləri hadisədən bir neçə saat sonra valideynlərinə təhvil verilib. Polis faktla bağlı araşdırmalara başlayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar