Azərbaycanda bir neçə sahibkar vergidən yayındığına görə məsuliyyətə cəlb edilib
01 Fevral 2012 Çərşənbə 02:25
Söhbət 1 milyon manatdan artıq vəsaitin dövlət büdcəsindən yayındırılmasından gedir.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, paytaxtın Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində yerləşən və vergi ödəyicisi kimi Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan “Taleh Təmir Tikinti” MMC-nin direktoru İlham Kazımov mühasibat sənədlərinə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə 616 min 95,26 manat məbləğində əlavə dəyər vergisini dövlət büdcəsindən yayındırıb. İstintaq zamanı sahibkar İ.Kazımovun cinayət əməli sübuta yetirilib və o, Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib, Respublika Baş Prokurorluğu tərəfindən barəsində təsdiq olunmuş ittiham aktı baxılmaq üçün məhkəməyə göndərilib.

Departament tərəfindən aparılan digər araşdırma zamanı isə müəyyən olunub ki, Adil Şirinov sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi ödəyicisi kimi 10 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata durmuş Ramin İsmayılovun adından istifadə edərək vergi orqanına təqdim etdiyi bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə 23 min 27,97 manat məbləğində vergiləri büdcədən gizlədib. O, vergi ödəyicisi kimi Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan “Modern-M”, “Classkom-SN” və “Realiti-Az” MMC-lərin faktiki rəhbəri işləyərkən həmin müəssisələrin rəsmi direktoru Oqtay Mirzəyev ilə qabaqcadan əlbir olaraq vergi orqanlarına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə “Modern-M” MMC üzrə 93 min 596,17, “Classkom-SN” MMC üzrə 179 min 529,03 və “Realiti-Az” MMC üzrə 45 min 55,52 manat məbləğində vergiləri dövlət büdcəsindən yayındırıb. Bu şəxslərin əməlləri Cinayət Məcəlləsinin 213.1 və 213.2.2-ci maddələri ilə sübuta yetirildiyindən ittiham aktı təsdiq olunması üçün Respublika Baş Prokurorluğuna göndərilib.

Departamentdə aparılan başqa bir araşdırma nəticəsində “Mars-2” və “Amin Ekspress Servis” MMC-lərin direktoru Mərdixan Novruzov Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəmə məsuliyyətinə cəlb olunub. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş M.Novruzov adıçəkilən MMC-lərdə direktor vəzifəsində işləyərkən vergi orqanlarına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatları daxil etməklə 69 min 63,91 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməyib. Cinayət Prosessual Məcəlləsinin 290.1-ci maddəsinə əsasən, cinayət işi ittiham aktı ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Respublika Baş Prokurorluğuna təqdim edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar