Azərbaycanda ağır qəza: 1 ölü, 2 yaralı
19 Oktyabr 2011 Çərşənbə 02:18
Toydan çıxan İmişli sakini maşını ilə evə yox, ölümə getdi.
İmişlidə baş verən avtomobil qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb. APA-ya İmişli Rayon Polis Şöbəsindən verilən məlumata görə, oktyabrın 18-də saat 17 radələrində İmişli şəhərinin Heydər Əliyev prospektində rayonun Yalavac kənd sakini, 1960-cı il təvəllüdlü Muradov Əhməd Murad oğlu toy mərasimindən çıxaraq idarə etdiyi “VAZ 2106” markalı avtomobillə əks istiqamətdə hərəkət edən “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “VAZ 2106”nın sürücüsü hadisə yerində dünyasını dəyişib. “Mercedes” markalı avtomobildə olan 2 nəfər - 1965-ci il təvəllüdlü Xudiyev Təyyar Sahib oğlu və 1973-cü il təvəllüdlü Quliyev Sahib Əlizadə oğlu müxtəlif bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: