Azərbaycanda 5000 il yaşı olan kurqan dağıdılıb
22 Noyabr 2011 Çərşənbə Axşamı 13:00
Ağcabədi rayonunun Hindarx kəndi ərazisində yaşı 5000 ilə yaxın olan kurqan yerli sakinlər tərəfindən dağıdılıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, torpaq daşımaq məqsədilə kurqan-təpədə ekskavatorla qazıntı işləri aparılan zaman kurqanda olan qəbirlər, qədim məişət əşyaları və digər qiymətli tarixi vəsaitlər sıradan çıxıb.
Ərazidə arxeoloji tədqiqatlar aparan tarix elmləri doktoru, arxeoloq Xəqani Alməmmədov APA-nın Qarabağ bürosuna bildirib ki, ekskavatorlar kurqanı tamam yararsız hala salıb: “Bu abidələr tunc dövrünə aiddir, hər birinin beş min il yaşı var. Bütün Qafqaz regionunda bu cür və ümumiyyətlə Qarabağ kurqanları kimi tarixi abidə yoxdur. Gördüklərimdən dəhşətə gəldim. Bu hərəkətə söz tapa bilmirəm”.
X. Alməmmədov bu barədə ölkənin müvafiq qurumlarına təcili məlumat veriləcəyini bildirib.
DOSTLARINLA PAYLAŞ: