Azərbaycan paytaxtında həkimləri şantaj edən jurnalist həbs olunub
21 Avqust 2010 Şənbə 17:40
Azərbaycan paytaxtında özünü müxtəlif dövri mətbu nəşrlərinin əməkdaşı kimi təqdim edərək şantaj yolu ilə pul tələb edən jurnalist həbs edilib.
APA-nın Baş Prokurorluğun rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, Azərbaycan Mətbuat Şurasından və Bakı şəhəri, 1 saylı Dəri-Zöhrəvi Dispanserinin baş həkimi Rəşad İsmayılovun “Azad Azərbaycan” qəzetinin şöbə müdiri Vasif Bayram oğlu Paşayev tərəfindən şantaja və təzyiqlərə məruz qalması barədə Baş Prokurorluğa daxil olmuş məlumat araşdırılıb.

Müəyyən edilib ki, Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Paşayev Vasif Bayram oğlu 2010-cu il 19 iyul tarixində Bakı şəhəri, 1 saylı Dəri-Zöhrəvi Dispanserinin baş həkimi Rəşad İsmayılovun iş otağına daxil olaraq üzərində “Azərbaycan qəzeti” yazılmış vəsiqəni göstərməklə özünü “Azərbaycan” qəzetinin şöbə müdiri kimi təqdim edib. O, dispanserdə guya yol verilmiş qanun pozuntuları ilə əlaqədar işlədiyi qəzetdə ifşaedici məqalə dərc etdirəcəyi və bunun da nəticəsi olaraq baş həkim kimi tutduğu vəzifədən azad olunacağı barədə şantaj edib, həmçinin baş həkimdən 1200 manat məbləğində pul tələb edib. Baş həkim R.İsmayılov isə üstündə həmin məbləğdə pul olmadığı üçün həmin şəxsdən növbəti gün dispanserə gəlməsini xahiş edib. V.Paşayev dispanseri tərk etdikdən sonra R.İsmayılov “Azərbaycan” qəzetinin redaksiyası ilə əlaqə saxlayıb və redaksiyadan Vasif Paşayev adlı şəxsin həmin qəzetdə işləmədiyi bildirilib.

Növbəti gün V.Paşayev dispanserdə olarkən baş həkim R.İsmayılovun xahişi ilə dispanserə dəvət olunmuş “Azərbaycan” qəzetinin şöbə müdirləri İxtiyar Hüseynli və Bəxtiyar Əzizli həmin “jurnalistin” “Azərbaycan” qəzetində işləmədiklərini bildirdikdə V.Paşayev “Azərbaycan” deyil “Azad Azərbaycan” qəzetində işlədiyini deməklə onlara müvafiq vəsiqə təqdim edib. “Azərbaycan” qəzetinin əməkdaşları həmin şəxsə jurnalist peşəsinin adına xələl gətirməklə jurnalist adından sui-istifadə etdiyinə görə iradlarını bildirdikdə V.Paşayev hədə-qorxu gələrək onları da təhqir etməklə dispanseri tərk edib.

Bundan başqa, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb, əlil və qocalar evinin direktoru Ədilə Muradəli qızı Əliyevaya özünü “Vedi inform” qəzetinin redaktoru kimi təqdim edən Vasif Paşayev tərəfindən hədə-qorxu gəlməklə hüquqlarının pozulmasına dair Xəzər rayon Polis İdarəsinə daxil olmuş şikayət ərizəsi araşdırılaraq müəyyən edilib ki, V.Paşayev 2010-cu il avqustun 19-da 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb, əlil və qocalar evinə gələrək, özünü həmin müəssisənin direktoru Ə.Əliyevaya “Vedi inform” qəzetinin redaktoru kimi təqdim etməklə bəzi qəzetlərdə, o cümlədən işlədiyi qəzetdə barəsində rüsvayedici məqalələrin çap edilməməsi üçün hədə-qorxu gəlməklə 500 manat məbləğində pulunu alıb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. V.Paşayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, dindirilərkən törətdiyi əməlləri etiraf etməklə yanaşı, istintaqa guya “Vedi inform” qəzetində redaktor, “Media press” qəzetində şöbə müdiri və “Demokratik islahatlar və ictimaiyyətlə əlaqələr” monitorinq qrupunun direktoru vəzifələrində işləməsi barədə üç ədəd vəsiqə təqdim edib.

Hazırda iş üzrə istintaq Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində davam etdirilir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar