Azərbaycan gömrükçüləri İrandan 10 kq həşiş gətirən İmişli rayon sakinini tutublar
14 Avqust 2010 Şənbə 11:20
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik maddəni satmaq istəyən İmişli rayon sakini saxlanılıb.
DGK-dan APA-ya verilən məlumata görə, Azərbaycan vətəndaşı Nəbi Quliyev İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığındakı gömrük sərhədindən gömrük nəzarətindən kənar şəkildə İrana keçib. Orada özünü «Qara» adı ilə təqdim etmiş İran vətəndaşı ilə əlbir olaraq satış məqsədi ilə 10 ədəd polietilen bağlamada 9 kq 885 qram həşiş qətranı və 2,350 qram psixotrop maddə olan metamfitamini əldə edərək qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirib. N.Quliyev həmin narkotik maddəni İmişli rayonunun Qaradonlu kəndi ərazisində şərti alıcı qismində cəlb olunmuş Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin əməkdaşına satarkən yaxalanıb.

Cinayəti törətmiş N.Quliyev Cinayət Məcəlləsinin 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. Barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətdə iştirak edən başqa şəxslərin müəyyən olunması istiqamətində istintaq hərəkətləri davam etdirilir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar