Azər-Ross MKT-nin rəhbərini qətlə yetirənlərin kimliyi müəyyənləşib
15 İyul 2011 Cümə 20:04
Azər-Ross MKT-nin rəhbərini qətlə yetirənlərin kimliyi müəyyənləşib. Qətil sifarişli olub.
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə yaydığı məlumatda bildirilir ki, tədqiqatlar zamanı məlum olub ki, Bakıda "Azər-Ross" MKT-nin rəhbəri Əflatun Piriyevin ölümündə kooperativin həmtəsisçilərdən biri Hümbət Məmmədovun əli var. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Hümbət Məmmədov kooperativdə olan payını ələ keçirmək üçün Əflatun Piriyevi öldürmək qərarına gəlib. Bu məqsədlə Rusiya Federasiyasının vətəndaşı Tofiq Bəkirovu Bakıya dəvət edib.
Onlar may ayının sonlarında görüşüb qətlin ilkin olaraq 36 min ABŞ dolları müqabilində həyata keçirilməsinə razılaşıblar. Öz növbəsində, Tofiq Bəkirov sifarişin yerinə yetirilməsini həmyerlisi Fəriman Hacıyevə tapşırıb, sonuncu isə cinayətin icrasına tanışları Sahil və Şamil Şamilov qardaşlarını cəlb edib. Adları çəkilənlər qətlin planını hazırlayaraq Əflatun Piriyevin hərəkət marşrutunu izləyib, ofisini və yaşadığı ünvanı nəzarətdə saxlayıb, iyulun 11-də isə aldatma yolu ilə iş otağına daxil olub onu öldürüb, Əmiraslan Əhmədovu ağır yaralayaraq hadisə yerindən qaçıblar.
Cinayətin iştirakçılarının müəyyən edilib saxlanılması üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gürcüstanın müvafiq dövlət orqanı ilə beynəlxalq müqavilələrə uyğun qarşılıqlı hüquqi yardım çərçivəsində birgə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Fəriman Hacıyev və Sahil Şamilov Gürcüstanda yaxalanıblar. Digər üç nəfər, o cümlədən Hümbət Məmmədov, Tofiq Bəkirov və Şamil Şamilov Bakı şəhərində tutulublar.
Qeyd edək ki, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, iyulun 11-də saat 13:00 radələrində paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən "Azər-Ross" mənzil-tikinti kooperativində bu qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılmış atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov isə ağır yaralanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: