Azadlığın ikinci günü yenə cinayət törətdi
11 May 2010 Çərşənbə Axşamı 23:35
Saatlı sakinini üçüncü dəfə həbsxana gözləyir.
Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməkdaşları ötən ay baş vermiş oğurluq hadisəsinin üstünü açmağa müvəffəq olub.
Hadisə Həzi Aslanov qəsəbəsi, Mahmud Ibrahimov küçəsində yerləşən 24 saylı həyət evində baş verib. Belə ki, ev sahibi Mübariz Səlimzadə Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət edərək bildirib ki, mənzilindən 370 manat nəğd pulu və xeyli miqdarda qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb. Polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində sözügedən əmlakı oğurlayan şəxsin kimliyinə aydınlıq gətirilib.
Xətai RPİ-nin müstəntiqi Elnur Abdullayevin sözlərinə görə, 37-ci polis bölməsinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin cinayəti törədən şəxs əvvəllər məhkum olunmuş Saatlı rayon sakini Vəliyev Elvin İsaxan oğludur.
İstintaq araşdırmaları zamanı məlum olub ki, 27 yaşlı Elvin əvvəllər oğurluq maddəsi ilə bir dəfə məhkumluq həyatı yaşayıb. Ötən ilin aprel ayında isə ikinci dəfə isə Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik maddə əldə etmə və ya saxlama) maddəsi ilə məhkum olunub. Bu ilin aprel ayının 7-də isə azadlığa çıxıb. Elə azadlığa çıxandan 2 gün sonra növbəti cinayətə imza atib. Belə ki, Həzi Aslanov qəsəbəsinə dostugilə gedən Elvin yolüstü fikrini dəyişərək tanımadığı şəxsin mənzilinə qonaq getməyi qərarlaşdırıb.
Polis əməkdaşları onu axtardığı müddətdə Elvin əldə etdiyi nağd pulu gündəlik tələbatlarına xərcləyib. Zərərçəkənin 3000 manat dəyərində oğurlanmış qızılları isə Elvin Vəliyev tərəfindən 723 ABŞ dollarına satılıb.
Hazırda satılan qızılların tapılaraq sahibinə qaytarılması istiqamətində axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı rayon Polis İdarəsində Elvin Vəliyevə qarşı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü (yaşayiş sahəsinə qanunsuz daxil olaraq zərərçəkənə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq onun digər bu kimi cinayət törədib törətməməsini araşdırır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: