Avtobus dayanacığında qanlı hadisə
09 Noyabr 2011 Çərşənbə 23:21
Biləcəri qəsəbəsində qohumların mübahisəsi ölümlə nəticələnib.
Ötən gecə paytaxtın Binəqədi rayonu ərazisində, daha dəqiq desək, Biləcəri qəsəbəsində qətl hadisəsi baş verib. Orta yaşlarında olan şəxsi avtobus dayanacığının yanında öldürüblər. 40-45 yaşlarında bir kişi küçənin ortasındaca qətlə yetirilib.

Qətlə yetirilmiş şəxsin meyiti ötən gün axşam saatlarında elə vətəndaşlar tərəfindən aşkar olunub. Hadisə barədə dərhal polisə məlumat verilib və meyitin aşkar olunduğu əraziyə Binəqədi Rayon Polis İdarəsinin, eləcə də rayon prokurorluğunun əməkdaşları gəlib. Hadisə yeri müayinə olunub, meyitə baxış keçirilib. İlkin müayinə zamanı mərhumun bıçaq xəsarətləri nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib. Elə qətldə istifadə olunan bıçaq da meyitin olduğu ərazidə aşkar edilib.

Artıq qətl hadisəsində dünyasını dəyişmiş şəxsin kimliyi məlum olub. Hadisə zamanı qətlə yetirilən şəxsin İlqar Vəliyev olduğu təsdiqlənib. Binəqədi polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində İ.Vəliyevi qətlə yetirən şəxs, onun qohumu Mürsəlov Elnur Xudaverdi oğlu saxlanılıb. Hadisə zamanı Elnur da boğaz və ayaq nahiyyələrindən xəsarətlər aldığından hazırda o, xəstəxanada müalicə olunur. Hələlik hadisənin borc pul üstündə baş verdiyi bildirilir.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.





DOSTLARINLA PAYLAŞ:

oyunlar