Sankt-Peterbruqda yaşayan 46 yaşlı azərbaycanlı Qafar Kərimov 21 yaşlı qızının qətlini sifariş vermək ittihamı ilə həbs olunub.
APA-nın “Novıy region”a istinadən verdiyi məlumata görə, atanı bu addımı atmağa vadar edən səbəb qızının açıq-saçıq geyməsi olub. Soydaşlarının iradlarına dözməyən Qafar Kərimov qızından abırlı geyməyi tələb etsə də, Tibb İnstitutunun tələbəsi olan 21 yaşlı Rəşidə Kərimova atasını sözlərini qulaq ardına vurub. Sankt-Peterburqda yaşayan azərbaycanlıları Qafar Kərimova bu rüsvayçılığı qanla yumağı məsləhət görür və onu mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri ilə tanış edirlər. Qafar Kərimov qızını qətlə yetirmək üçün 39 yaşlı Qədir Süleymanova 100 min rubl pul verib. Aprelin 8-də Qədir Süleymanov əlaltıları Elnur Qafarov və Samir Məmmədovla birlikdə dərsə gedən Rəşidə Kərimovanı oğurlayaraq şəhərdən kənara aparıb və onun başına 2 güllə vurub. Qatillər daha sonra cəsədi tikinti tullantılarının altında gizlədiblər. Qafar Kərimov qızının yoxa çıxdığı barədə milisə məlumat verib. Əməliyyat axtarışı zamanı qatillərdən ikisi həbs olunub və qətlin qızın atasının sifarişi ilə həyata keçirildiyi müəyyənləşib. Qətli bilavasitə həyata keçirən Qədir Süleymanovun axtarışı davam edir. Faktla bağlı “adam oğurluğu” və “qətl” maddələri üzrə cinayət işi başlanıb, qatilləri və sifarişçini 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
APA