Arvad qatili məhkəmə qarşısına çıxarılıb
09 Sentyabr 2009 Çərşənbə 16:10
Arvad qatili Vadim Avçiyev verilən ittihamla özünü təqsirli bilməyib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Şakir Ələsgərovun sədrliyi ilə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Xətai rayon sakinin məhkəmə baxışı başlayıb.
ANS PRESS-in məlumatına görə, təqsirləndirilən Vadim Avçiyev Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
İttiham aktına görə, bu il mayın 10-da Bakının Xətai rayonu, Mingəçevir küçəsi 20/17-də yaşayan 25 yaşlı Südabə Paşayevanın hamamda meyiti aşkar edilib. Paşayevanın əvvəlcə bədbəxt hadisə nəticəsində öldüyü bildirilsə də, Məhkəmə Tibbi Ekspertizanın rəyindən sonra onun boğularaq öldürüldüyü məlum olub. Aparılan araşdırmalardan sonra məlum olub ki, Südabə Paşayevanı 34 yaşlı həyat yoldaşı Vadim Avçiyev qətlə yetirib. O, istintaqa verdiyi ilkin ifadəsində törətdiyi qətl hadisəsini etiraf edib və həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib.
Məhkəməyə təqsirləndirilən şəxs qismində ifadə verən V. Avçiyev verilən ittiham üzrə özünü təqsirli bilməyib və həyat yoldaşını öldürmədiyini bildirib.
Məhkəmə prosesi davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: