Ali Məhkəmə hakiminin xanımını öldürən qadın DİN-də işləyib
21 Oktyabr 2010 Cümə Axşamı 12:15
O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq dələduzluq edib.
Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşını qətlə yetirən qadınla bağlı yeni məlumatlar əldə olunub. Nizami rayon Polis İdarəsindən verilən məlumata əsasən qətldə təqsirləndirilən Xalidə Əhmədova əvvəllər Daxili İşlər Nazirliyinin kadrlar idarəsində işləyib. Elə həmin vaxt o, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq dələduzluq edib. Bu əməlinin üstü açıldığına görə, daxili işlər orqanlarından kənarlaşdırılıb və barəsində cinayət işi başlanıb. Axtarış zamanı onun seyfindən odlu silah da tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, X.Əhmədova nazirliyin kadrlar idarəsinin analıq məzuniyyətində olan əməkdaşını bir müddət əvəz edib. Yəni, o, nazirliyin daimi əməkdaşı olmayıb.

Qeyd edək ki, qətl hadisəsi oktyabrın 15-də Bakının Nizami rayonu, Çobanzadə küçəsi 47 ünvanında törədilib. Naməlum şəxs tamah məqsədilə Ali Məhkəminin hakimi T.Mahmudovun həyat yoldaşı 39 yaşlı Natəvan Mahmudovanı boğaraq qətlə yetirib. Qətli törətməkdə şübhəli bilinən 38 yaşlı Xalidə Əhmədova hadisə günü saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə adam öldürmək) maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar