Ali Hərbi Akademiyanın müdavimləri qəzaya düşüb
16 Avqust 2010 Bazar Ertəsi 12:00
Yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Ötən gecə Xətai rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Məlumata görə, saat 00.30 radələrində baş verən qəzaya səbəb yüksək sürət olub.
Xətai rayon Polis İdarəsinin müstəntiqi Elmar Quliyevin verdiyi məlumata görə, Gəncə prospekti ilə Nəsrəddin Tusi küçəsinin kəsişməsində, 20 saylı binanın yaxınlığında Xəyyam Azadovun idarə etdiyi “Mercedes”lə “VAZ-2107” markalı avtomaşın toqquşub. Nəticədə "Mercedes"in sürücüsü və “Jiquli”də olan 5 nəfər ilkin olaraq 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Amma “07”nin sərnişini Nurlan Əmənov xəstəxanaya daxil olarkən vəfat edib. Rahib Səfərov və Pünhan Ağayev hərbi hosbitala köçürülüblər. Sürücü Rüfət Mirzəyev isə reanimasiya şöbəsinə yerləşdirilib. Xəyyam Azadov və “07”də olan Səxavət Babayev ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Qeyd edək ki, “VAZ-2107”nin sərnişinləri Ali Hərbi Akademiyanın müdavimləridir. Polis bölməsində ifadə verən “Mercedes”in sürücüsü qəzada “VAZ-2107”ni günahkar bilib. Onun dediyinə görə taksi kimi işlətdiyi maşınına müştərini əyləşdirərək elə yenicə yola çixıbmış ki, “07” gəlib ona çırpılıb.
İlkin araşdırma nəticəsində polis də qəzanın baş verməsinin səbəbini “VAZ-2107”nin sürücüsündə bilib.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: