Ağdaş Rayon Prokurorluğunun müstəntiqi həbs edilib
18 Mart 2011 Cümə 12:50
Ağdaş Rayon Prokurorluğunun müstəntiqi barəsində cinayət işi başlanıb.


Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prokurorluğu tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi, bu kateqoriyadan olan cinayətlər və digər korrupsiya hüquqpozmaları barədə fiziki və hüquqi şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində yaradılmış 161 "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan hər bir müraciət üzrə tam, hərtərəfli və obyektiv araşdırmaların həyata keçirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. Eyni zamanda korrupsiyaya qarşı mübarizə çərçivəsində prokurorluq orqanlarının öz sıralarında prokurorluq işçisi adına ləkə gətirən hərəkətlərə yol verən əməkdaşlar barəsində ən qəti tədbirlərin görülməsi təmin olunur.

Belə ki, İsmayıllı rayonunun Diyallı kənd sakini Tamilə Əliyevanın, həyat yoldaşı Təvəkkül Əliyevə yüngül cəza verilməsində köməklik göstərəcəyini vəd etməklə həmin dövrdə İsmayıllı rayon prokurorluğunun müstəntiqi vəzifəsində işləyən Fəxrəddin Əliyevin onlardan 7400 ABŞ dolları məbləğində pul alması barədə 14 mart 2011-ci il tarixdə 161 "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə idarənin Daxili təhqiqatlar şöbəsi tərəfindən araşdırılıb. Müəyyən edilib ki, T.Əliyevanın həyat yoldaşı 2007-ci ilin oktyabr ayında narkotik vasitələrin qanunsuz satışı faktına görə başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Həyat yoldaşına köməklik göstərilməsi üçün yollar axtaran T.Əliyevanın Sumqayıt şəhərində yaşayan Rəşad adlı qohumunun vasitəsi ilə tanış olduqları Fəxrəddin Əliyev onlara kömək edəcəyini və T.Əliyevin cəzasını yüngülləşdirəcəyini vəd edərək, bunun müqabilində 6000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirib. Şəxsi mal-qaralarını, qızıl-zinət əşyalarını satmaqla, həmçinin başqa şəxslərdən borc almaqla həmin məbləğdə pul T.Əliyevanın Qadir adlı oğlu və qaynı tərəfindən 2007-ci ilin axırlarında hissə-hissə rayon prokurorluğunun inzibati binasında Fəxrəddin Əliyevə verilib.

Məhkəmənin hökmü ilə T. Əliyev 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra, məsələnin Apellyasiya instansiyası məhkəməsində həll ediləcəyi barədə vədlər verməklə həmin şəxsləri arxayın salan Fəxrəddin Əliyev əlavə olaraq onlardan 1400 ABŞ dolları məbləğində pul alıb. Apellyasiya instansiyası məhkəməsində T. Əliyevin cəzası 6 ilə qədər azaldıldıqdan sonra, Fəxrəddin Əliyevin onları aldadaraq 7400 ABŞ dolları məbləğində pullarını ələ keçirdiyini başa düşən T.Əliyeva və qohumları dəfələrlə telefon əlaqəsi saxlamalarına baxmayaraq, Fəxrəddin Əliyev müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınıb. Həyata keçirilmiş ilkin araşdırmalarla qeyd olunanlar öz təsdiqini tapıb.

Cinayət qanunvericiliyi ilə təqib olunan əməllər törətməklə, prokurorluq işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə, "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi"nin tələblərini kobud şəkildə pozduğuna görə Ağdaş rayon prokurorluğunun müstəntiqi Fəxrəddin Naibbəy oğlu Əliyev rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric edilib. Törətdiyi cinayət əməllərinə görə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanılmış cinayət işi üzrə F.Əliyev qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Neqativ hərəkətləri ilə hüquq mühafizə orqanlarının nüfuzuna xələl gətirən şəxslərlə mübarizə və kadr korpusunun sağlamlaşdırılması daim prokurorluq orqanlarının diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar