Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eldar Mikayılovun sədrliyi ilə qısqanclıq zəminində həmyerlisini öldürməyə cəhddə təqsirləndirilən Qusar sakininin məhkəməsi başlayıb. ANS PRESS-in məlumatına görə, təqsirləndirilən Qusarın Hiloba kənd sakini, 57 yaşlı Cəllad Zəkiyev 2008-ci il avqustun 27-də qısqanclıq zəminində qonşusu 62 yaşlı Adobəy Aslanovu qarın nahiyəsindən bıçaqlayıb. O, saxlanılarkən Adobəy Aslanovu namus üstündə vurduğunu və «Cəlladlıq etmişəm və bundan peşman deyiləm. Onu öldürmək istəyirdim, lakin gücüm çatmadı» deyib. Cəllad Zəkiyevə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 29, 120.1-ci (ölümə qəsd) maddəsi ilə ittiham irəli sürülüb. Ekspertiza onun hadisəni anlaqsız vəziyyət töpətməsi barədə rəy verib.
Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən A. Aslanov bıçaqlanmsının səbəbini bilmədiyini deyib: “Hadisə baş verən gün kəndimizdə toy var idi. Toydan çıxıb evə gələrkən qəflətən Cəllad qabağımı kəsdi və mənə bıçaqla zərbələr endirməyə başladı. O, arvadına niyə baxdığımı və onunla niyə söhbət etdiyimi soruşaraq bıçaqla zərbələr endirirdi. Güc tapıb özümü ölümdən qurtardım”.
Sonra məhkəmə şahid ifadələri ilə davam etdirilib.
Anar Məmmədov /ANS PRESS/