Abşeronda ölümlü yol qəzası
10 Aprel 2009 Cümə 10:45
Samirə Quliyeva və onun azyaşlı övladları yolu keçərkən «Volvo» markalı avtomaşın tərəfindən vurulublar

 

Bu gecə Abşeron rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ana və 1 yaşlı qızı dünyasını dəyişib. ANS-in məlumatına görə, hadisə Bakı-Şamaxı yolunun Abşeron rayonu Müşfiqabad qəsəbəsindən keçən hissəsində baş verib. Belə ki, qəsəbə sakinləri Samirə Yusif qızı Quliyeva və onun azyaşlı övladları 6 yaşlı İmran İman oğlu Ələsgərli və 1 yaşlı Səmayə İman qızı Ələsgərli yolu keçmək istəyən zaman «Volvo» markalı avtomaşın tərəfindən vurulublar.

Yol nəqliyyat hadisəsi zamanı Samirə Quliyeva aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Abşeron Rayon Polis Şöbəsindən ANS-ə verilən məlumat görə, Samirə Quliyevanın iki azyaşlı uşağı qəzanı törədən avtomaşının sahibi tərəfindən 1 saylı Şəhər Xəstəxanasına aparılıb. Hər iki azyaşlıya həkimlər tərəfindən qapalı kəllə beyin travması diaqnozu qoyulub. 1 yaşlı Səmayə Ələsgərlinin xəsarətləri həddindən artıq ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. 6 yaşlı İmran Ələsgərli ilkin tibbi yardımdan sonra müalicəsini davam etdirmək üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Baş vermiş yol nəqliyyat hadisəsini Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsi araşdırır. İstintaq şöbəsinin məlumatına görə, qəza törətmiş sürücü artıq rayon polis şöbəsinə gətirilib və onun ilkin izahatı alınıb. İlkin istintaq hərəkətləri getdiyindən sürücünün adı açıqlanmayıb. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerində avtotexniki ekspertiza təyin olunub və sürücünün yoxlanılması üçün tibbi ekspertlər dəvət olunub.
Faktla bağlı Abşeron Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263,2 (yol hərəkət və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar