Abşeronda 3 ailə üzvünü öldürən gənc tutuldu
26 İyul 2010 Bazar Ertəsi 11:05
Qətl yaşayış yeri üstündə baş verən mübahisə zəminində törədilib.
Ötən gecə Abşeron rayonunun Digah qəsəbəsində 3 nəfəri qətlə yetirən şəxs saxlanılıb. Abşeron rayon polis şöbəsinin rəis müavini Famil Kərimovun AN SPRESS-ə verdiyi məlumata görə, bu,1982-ci il təvəllüdlü Zəngilan rayon sakini Nicat Rizvan oğlu Qələndərov. N. Qələndərov qətli törədəndən sonra hadisə yerindən qaçsa da onu saxlamaq mümkün olub.
Qeyd edək ki, iyulun 24-dən 25-nə keçən gecə 28 yaşlı Nicat Qələndərov qayınatasının evinə gələrək 3 nəfəri öldürüb. Bunlar qayınatası 1960-cı il təvəllüdlü Teyyub Dadaşov, onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Zemfira Dadaşova və qətli törədənin arvadı 1989-cu il Şəlalə Dadaşova olub. Ev sahibinin oğlu 1990-cı il təvəllüdlü Hüseyn Dadaşov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Rəis müavini qətlin ailə münaqişəsi zəminində, yaşayış yeri üstündə baş verdiyini bildirib. Gənc ailə arasında bu məsələ üstündə bir ilə yaxın müddətdə anaşılmazlıq olub. Belə ki, Nicat Qələndərov həyat yoldaşı Şəlalə Dadaşovaya Pirşağı qəsəbəsində ata evində yaşamağı təklif edib. Şəlalə Dadaşovanın ailəsi isə qızlarının onlarla qalmasını istəyib. Nəticədə gecə saatlarında qanlı hadisə baş verib.
Artıq faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7 maddəsi ilə cinayət işi açılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: