ABŞ-da qasırğa qurbanlarının sayı artır
28 Aprel 2011 Cümə Axşamı 09:57
Barak Obama Alabama ştatına federal yardım vəd edib
Amerika Birləşmiş Ştatlarının cənub ştatlarında qasırğa və tornado nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb. CNN telekanalının verdiyi məlumata görə tufan Alabama ştatındakı universitetin tələbə şəhərciyinin ərazisindən də keçib. Azı 15 nəfər güclü küləyin qurbanı olub. Şəhər meri Taskalusun sözlərinə görə həmin ərazi tamamilə dağılıb. Alabama ştatında ümumilikdə 58 nəfər ölüb.
Missisipi ştatında isə güclü qasırğa 11 nəfərin ölümünə səbəb olub. Corciya ştatında iki, Tennesidə isə bir nəfər ölüb. Dağılmış evlərin altından onlarla sakin çıxarılıb.
Tufanın daha ciddi dağıntılar törətdiyi Alabama, Arkanzas, Tennesi ştatlarında fövqəladə vəziyyət elan olunub. Küləyin sürəti saatda 160 kilometrə çatıb. Qasırğa yağışla müşayiət olunub. Bəzi ərazilərdə daşqın da qeydə alınıb.
Güclü külək elektrik xəttlərinin sıradan çıxmasına səbəb olub. Təkcə Alabamada 245 mindən çox sakin işıqsız qalıb. Analoji vəziyyət Missisipi ştatında da müşahidə olunub. Elektrik enerjisinin bərpası üçün bir neçə gün tələb olunduğu bildirilir. Qasırğanın hələ bir neçə gün regionu tərk etməyəcəyi proqnozlaşdırılıb.
Prezident Barak Obama federal hökumətə təbii fəlakətin vurduğu ziyana operativ reaksiya verməyi tapşırıb. O, təbii fəlakətdən daha çox ziyan çəkmiş Alabama ştatına köməklik göstərilməsi ilə bağlı tapşırıq verib.
DOSTLARINLA PAYLAŞ: