ABŞ-da fövqəladə vəziyyət elan edilib
03 Sentyabr 2011 Şənbə 12:18
Ölkənin bir hissəsində meşə yanğınları, digər hissəsində isə qasırğa təhlükə törədir
Amerika Birləşmiş Ştatlarında meşə yanğınları tüğyan edir. Cənubi Kaliforniya ilə Las Veqas arasında əsas magistral yol yaxınlığında meydana gəlmiş meşə yanğını 1500 evin sakinlərinin evakuasiyasına səbəb olub. Yanğını nəzarət altına almaq mümkün olmur. Alov 2 saat içərisində 500 hektar ərazini əhatə edib. 1 yanğınsöndürənin və 1 sürücünün xəsarət aldığı bildirilir. Texas və Oklahomada da yüzlərlə insan meşə yanğınlarına görə öz evlərini tərk etməli olub. Anomal istilərin səbəb olduğu yanğın artıq 1500 hektar meşə sahəsini öz cənginə alıb. Yanğın elektrik enerjisi naqillərinə ziyan vurduğundan, 7000-dən çox yaşayış evi işıqsız qalıb.

Birləşmiş Ştatların şərq sahillərində isə hələ də 40 nəfərin ölümünə səbəb olmuş "Ayrin" qasırğasının nəticələri aradan qaldırılır. Üstəlik, Atlantik okeanda cərəyan edən "Katya" tropik qasırğası güclənməyə başlayıb. Nyu York, Şimali Karolina və Nyu Cersi ştatları təbii fəlakət zonası elan edilib. Meksika körfəzində güclənən "Lee" tropik qasırğası isə Luiziana və Florida üçün təhlükə törədir. Qasırğanın hündürlüyü 50 santimetrədək yağıntılara səbəb olacağı proqnozlaşdırılır. Luiziana ştatının qubernatoru Bobbi Cindal ştatda fövqəladə vəziyyət elan edib və sakinlərə qasırğaya hazırlaşmağı məsləhət görüb. Qum kisələri hazırlanıb. Nyu Orleanda isə daşqın təhlükəsi barədə xəbərdarlıq edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar