8-ci kilometr bazarında adam bıçaqlayan tutulub
27 Dekabr 2010 Bazar Ertəsi 12:50
Hadisənin səbəbi məlum olub
Bir neçə gün əvvəl paytaxtın Nizami rayonu "8-ci kilometr" bazarında yük daşımaqla məşğul olan 23 yaşlı Pərviz İldırım oğlu Bəkirova bıçaq xəsarətləri yetirən şəxs artıq saxlanılıb. Nizami rayon Polis İdarəsi 24-dü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı Vüqar Zülfüqar oğlu Alırzayev saxlanılaraq istintaqa təhvil verilib.
Zərərçəkmiş ilkin izahatında onu vuran şəxsi tanımadığını və 8-ci kilometr bazarında mübahisə zamanı bıçaqlandığını bildirib.
V.Alırzayev isə istintaqa verdiyi ifadəsində bildirib ki, onlar bir-birilərini tanımırlar. Həmin gün Pərviz göyərti daşıyanda araba ilə Vüqarın ayağına toxunub. Aralarında mübahisə zamanı Pərviz onu təpiklə vurub. Vüqar da cibindəki bıçaqla ona zərbə endirib.
Qeyd edək ki, Vüqar hadisədən əvvəl dostları ilə yaxınlıqdakı kafelərdən birində spirtli içki qəbul edib. Hadisə isə o, qutab almaq adı ilə bayıra çıxandan sonra baş verib.
Faktla bağlı Vüqar Alırzayev barəsində Nizami rayon Polis İdarəsində AR CM-nin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: