75 yaşlı nənə Ermənistanı internetsiz qoyub
06 Aprel 2011 Çərşənbə 11:10
Mis axtaran qadın bilmədən Gürcüstanın da yarısının dünya ilə əlaqəsini kəsib
Gürcüstanın 75 yaşlı vətəndaşı bütün Ermənistan və Gürcüstanın yarısını 1 saatlığa internetsiz qoyub. Ermənistan kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, hadisə 75 yaşlı qadının “Telekom Jeleznoy Doroqi” kabel magistralında mis axtarması zamanı baş verib.
Yaşlı qadın polisə Ksani Msxetsk kəndində torpaqdan mis axtardığını etiraf edib. Martın 28-də 75 yaşlı qadın torpaqda qazma işi ilə məşğul olarkən magistralın kabelini zədələyib.
Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Zurab Qvenetadze məsələ ilə bağlı bildirib ki, 75 yaşlı nənə bu işi tək görüb və hadisə yerinə dərhal mühafizəçilər gələrək, onu saxlayıblar.
Qeyd edək ki, adı çəkilməyən 75 yaşlı qadın barəsində cinayət işi açılıb. Onu 1 ildən 3 il kimi həbs cəzası gözləyir.
DOSTLARINLA PAYLAŞ: