71 bıçaq zərbəsi ilə törədilən qətlin motivi bəlli oldu
23 Avqust 2010 Bazar Ertəsi 16:05
Baş prokurorluq ədliyyə mayorunun törətdiyi qətllə bağlı rəsmi məlumat yayıb.
Baş prokurorluq 22 avqust 2010-cu il tarixdə saat 01:20 radələrində Bakı şəhər sakini Allahverdiyev İsmayıl Nuruş oğlunun, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, ev 2, mənzil 10-da qəsdən öldürülməsi barədə rəsmi məlumat yayıb. ANS PRESS-in məlumatına görə, məlumatda bildirilir ki, Yasamal rayon Polis İdarəsindən daxil olan məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülüb.
İlkin araşdırmalarla müəyyən edilib ki, avqustun 22-də saat 00:40 radələrində 1974-cü il təvəllüdlü, Bakı şəhər sakini, işləməyən Yəhyayev Faiq Əliağa oğlu, 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı Bayramov Habil Fətəli oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qohumu, 1952-ci il təvəllüdlü, Biləcəri Enerji Təchizatı və Enerji Satışı sahəsinin rəisi Allahverdiyev İsmayıl Nuruş oğlunu tamah məqsədilə qəsdən öldürmək qərarına gəliblər. Bu niyyətilə onun yaşadığı mənzilə gələrək özlərində olan bıçaqla bədəninin müxtəlif nahiyyələrinə, o cümlədən 25-ni döş boşluğuna və 1-i qarın boşluğuna olmaqla, cəmi 71 zərbə vuraraq xüsusi amansızlıqla qəsdən öldürüblər.
İsmayıl Allahverdiyevin səsinə həmin binada yaşayan qohumları gəlib mənzildə kənar şəxslərin olduğunu başa düşərək onlardan mənzilin giriş qapısını açmağı tələb etməklə bu barədə dərhal polisə məlumat veriblər. Bu zaman Habil Bayramov ifşa olunacağından ehtiyatlanaraq məsuliyyətdən yaxa qurtarmaq üçün özünü 5-ci mərtəbədə yerləşən həmin mənzilin pəncərəsindən yerə atıb, lakin ağır dərəcəli bədən xəsarətləri aldığından düşdüyü yerdən qalxıb qaça bilməyib.
Polis əməkdaşları qapını sındıraraq mənzilə daxil olduqdan sonra İsmayıl Allahverdiyevin meyiti aşkar edilib, Faiq Yəhyayev isə mənzildə cinayət başında yaxalanıb.
Habil Bayramov isə dərhal təcili tibbi yardım xidməti tərəfindən xəstəxanaya çatdırılıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə cinayət işi başlanılıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib.
F.Yəhyayev şübhəli şəxs qismində dindirilərkən hadisəni tamah məqsədilə törətdiyini etiraf edib.
Hazırda iş üzrə istintaq Yasamal rayon prokurorluğunda davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: