67 saylı məktəb yararsız vəziyyətə düşüb
10 Mart 2010 Çərşənbə 21:40
Tədris prosesi rayonun digər məktəblərində davam etdiriləcək
Bu gün saat 17.50 radələrində Bakının Sabunçu rayonunda 67 saylı orta məktəbin binasında baş verən yanğın nəticəsində məktəb binasının 500 kvadrat metr ərazisi yararsız vəziyyətə düşüb. Əsasən taxta konstruksiyadan ibarət olan dam örtüyü alovun sürətlə yayılmasına səbəb olub. 3 mərtəbəli məktəbin 3-cü mərtəbəsi və çardağı tamamilə yanıb. Yanğın zamanı məktəbdə dərs keçirilsə də, binanın üçüncü mərtəbəsindəki sinif otaqlarının heç birində şagird olmayıb.
1925-ci ildə tikilən məktəb son illərdə əsaslı təmir olunmayıb. 2400 şagirdin təhsil aldığı məktəb istifadə üçün yararsız vəziyyətə düşüb. Məktəbin direktoru İradə Bayramova isə tədris prosesinin sabahdan etibarən rayonun digər orta məktəblərində davam etdiriləcəyini bildirib.
Yanğının söndürülməsinə isə Bakı Qarnizonu və ətraf rayonların yanğınsöndürmə briqadaları cəlb olunub. Hazırda Fövqəladə Hallar Nazirliyinin təhqiqat qrupu yanğının hansı səbəbdən baş verməsini araşdırır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: