62 yaşlı kişi naməlum şəraitdə ağır xəsarətlər alıb
17 Mart 2011 Cümə Axşamı 05:44
Həkimlər yaralıda kəllə beyin travması, baş beyin əzilməsi, ənsə nahiyəsinin əzilmiş cırılmış yarası, alt və üst çənə nahiyəsinin yaraları aşkarlayıb
Ötən gecə Binəqədi rayonu Sulutəpə qəsəbəsində naməlum şəraitdə ağır bədən xəsarətləri alan 62 yaşlı Rahib Məmmədov təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Ağır bədən xəsarətləri alan Rahib Məmmədov həkimlər tərəfindən müayinə olunub və onun xəsarətlərinin ağırlıq dərəcəsinə aydınlıq gətirilib.
Xəstəxananın həkimi Vidadi Quliyev müayinə zamanı zərərçəkmişdə qapalı kəllə beyin travması, baş beyin əzilməsi, ənsə nahiyəsinin əzilmiş cırılmış yarası, alt və üst çənə nahiyəsinin yaraları aşkarlandığını, ilkin tibbi yardımdan sonra xəstənin reanimasiyaya yerləşdirildiyini deyib.
Rahib Məmmədovun başına gələnlər Binəqədi rayon polis idarəsi 40-cı polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır. Bölmənin növbətçi hissəsindən verilən məlumata görə xəstənin huşu özündə olmadığına görə ondan hadisə barədə izahat almaq mümkün olmayıb.
Məmmədovun polislərə verəcəyi məlumatlardan sonra onun hansı şəraitdə xəsarət almasına aydınlıq gətiriləcək. Hal-hazırda polis əməkdaşları 62 yaşlı Rahib Məmmədovun digər şəxslər tərəfindən döyülməsi ehtimalını da araşdırırlar.
DOSTLARINLA PAYLAŞ: