4-cü mədən ərazisində güclü yanğın baş verib
24 Dekabr 2010 Cümə 05:55
Hadisə şahidləri yanğından əvvəl partayış səsi eşitdiklərini, alovun məhz bundan sonra meydana gəldiyini bildiriblər
Ötən gecə Dövlət neft şirkəti Qaraçuxur neft qaz çıxarma idarəsinin 4-cü mədən ərazisində güclu yanğın baş verib. Yanğın mədən sularının üzərində olan neft laylarının alovlanması nəticəsində meydana gəlib. Yanğının miqyası böyük olduğundan əraziyə Suraxanı rayon yanğından mühafizə dəstəsinin əməkdaşları ilə yanaşı, ətraf rayonların da yanğınsöndürənləri cəlb olunub. Hadisə yerində operativ qərargah yaradılıb və iki saylı yanğın çağırışı elan edilib.

Yanğın baş verən ərazinin hər tərəfdən yaşayış evləri ilə əhatə olunması həm sakinlərin, həm də yanğınsöndürənlərin işini çətinləşdirib. Ətrafda yaşayan sakinləri isə evlərinin yanma ehtimalı qarşısında qorxuya düşüblər. Hadisə şahidləri yanğından əvvəl güclü partayış səsi eşitdiklərini, alovun məhz bundan sonra meydana gəldiyini bildiriblər.

Yanğının geniş ərazini əhatə etməsi alovun vaxt keçdikcə daha böyük fəsadlar yaratmaq ehtimalını çoxaltsa da yanğınsöndürənlər ərazini dövriyyəyə alaraq alovun mədənin anbar hisssinə keçməsinin qarşısını vaxtında ala biliblər.

Qeyd edək ki, yanğın zamanı nə ətrafda yaşayan sakinlər, nə də ki, yanğınsöndürənlər arasında xəsarət alan olmayıb.

Dövlət Yanğından mühafizə xidmətinin qərargah rəisi Əkbər Novruzov yanğın nəticəsində ayrı-ayrı yerlərdə yerləşən göllərdə ümumi sahəsi 1200 kvadratmetr neft təbəqəsinin yandığını, yaşayış evlərinin yanğından mühafizə olunduğunu bildirib.

Yanğının qarşısı tam alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin təhqiqat qrupu hadisənin hansı səbəbdən baş verməsini müəyyən etmək üçün ərazidə araşdırma aparıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar