27 “avtoş” BŞDYPİ tərəfindən axtarılır
02 Avqust 2011 Çərşənbə Axşamı 13:24
6 ayda Dövlət Yol Polis İdarəsinə avtoxuliqanlıqla bağlı 554 şikayət daxil olub
Bu ilin əvvələrindən iyulun 30 qədər paytaxtda avtoxuliqanlıq səbəbilə 19 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 11 nəfər ölüb, 14 nəfər yaralanıb. ANS PRESS-in məlumatına görə, bu barədə qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov “Avtoxuliqanlığa qarşı birgə mübarizə aparaq” mövzusunda karikatura müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində bildirib. “Bu il 214 avtoxuliqanlıq edən sürücü saxlanılıb və onlar barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Lakin həmin sürücülərdən 39 nəfəri təkrarən avtoxuliqanlığa görə saxlanılıb. Yol hərəkət qaydalarını pozduğuna görə, 27 “avtoş” sürücü barəsində axtarış tədbirlər görülür”.
Qeyd edək ki, “Avtoş”luq edən sürücülərin çoxu Rusiya istehsalı olan “VAZ-2107” markalı avtomobildən istifadə edir. Avtoxuliqanlıq edənlərin yaş həddi 20-30 arasıdır. Onların əsas əyləncə yeri “5 mərtəbə” adlanan ərazi, III mikrorayon dairəsi, Zərifə Əliyeva və Hüseyn Cavid adına parkların yaxınlığı, Babək, Tbilisi, Nobel prospektləri, Rəşid Behbudov, Bakıxanov küçələri, Biləcəri şossesidir. Yarım il ərzində Dövlət Yol Polis İdarəsinə avtoxuliqanlıqla bağlı 554 paytaxt sakinindən şikayət daxil olub.
Xatırladaq ki, müsabiqənin nəticələrinə görə, I yeri tutan 300 manat, II yeri tutan 200 manat, III yeri tutan qalibə isə 100 manat pul mükafatı verilib. Bundan başqa, müsabiqədə iştirak edən 55 nəfərə həvəsləndirici hədiyyələr təqdim olunub.
DOSTLARINLA PAYLAŞ: